Mövlanə əsl postmodernist olub
adminMart 20, 2008 15:57
Eyvaz Taha
Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma
alınmadı, yazmaq vəsvəsəsindən yaxa qurtara bilmədim. Bu kiçik yazı özünü mənə yazdırdı. Dırnaq arasındakı sitatlar Şəmsin “Məqalat” kitabından və Mövlananın “Şəms” başlıqlı böyük divanından alınmışdır. Adlım filosof və psixoloq Erik From deyir: “Mövlana təkcə bir şair və bəlli bir firqənin qurucusu olan arif deyildi. O, insan təbiəti barəsində dərin baxışa malik idi… Yaşamın ən böyük vurğunlarından olan Mövlana üstbilinc (fövqəlidrak), altbilinc (təhtəlidrak), azadlıq məsələsi, ruh toxtaqlığı, və insanın iqtidarından danışırdı”. Fromun dediyinə görə, böyük humanist sayılan Mövlananın düşüncələri, çağdaş insanın mədəni yaşamını zənginləşdirə bilər. Belədirsə, yenə də köhnə bir məsələyə qayıtmalı oluruq. Azərbaycan mədəniyyəti Mövlana və onun ruhunu rəqsə gətirən Təbrizli Şəmsi unutduğundan bir çox şeyləri itirir. Nizami böyük şairdir, ancaq Nizamiyə həsr olunmuş araşdırmaların yüzdə biri Şəmsə həsr olunsaydı, çağdaş mədəniyyətimizdə başqa çalar, başqa ləzzəti yaşayacaqdıq. Mövlananın nəbzini hamıdan çox Nəsimidə tuta bilərdik, onu da ki, Rus komunizminin təhrif maşını bütünlüklə hürufilik küncünə sıxnaşdırırdı. Çılğın ruhundan boşaldılmış Nəsimi, yoldaş Bağırovun əsgərləri səviyyəsinə endirildi.***
Mövlana adı ilə tanınmış Cəlaləddin Qunəvi (1207-1273) qamışlıqdan kəsilmiş ney idi. İnsanın əzəli yurdunun özləm və nisgilini çağlayan qarğı: “Yanıb-yaxılan bu neyi dinlə”. Renold Nikolsona görə, “Əlbəttə, bu neydən məqsəd bitkin insanın vücududur ki, yaşadıği ruh aləmindən ayrıldığı üçün ağlayır və əzəli yurduna qayıtmaq marağını özü ilə yanaşı özgələrdə də oyadır.” İlahi ruhdan dolub daşmış şair, içindəki yanğını neydə hayqırır. Bu neyi dinləndirən Şəms idi. Mövlana ona xitabən deyir: “Sən gələli bizdən biz getdi; İçəri gəl, canım, gəlişin gözəldir. Ürəyimin gizli sızıltılarını eşitdikdə can kimi gövdəmə gəldin.”
Sözcüklər od tutub yanarkən bilmirsən alov Mövləvinin ürəyindən qopur, yoxsa Şəmsin. Mövləvinin deyişi ilə onun içində vurnuxan sözləri, irfan yanğısının mizrabı ilə kökləyən o özü deyil, Şəmsdir. Nə fərqi var ki? Bu yanğının kimin soluğundan qopmasının önəmi yoxdur, önəmli budur ki, bu yanğının dadını sınamayan hər bir mədəniyyətdə böyük boşluq yaranır. Bu boşluğun dərmanı nədir? Qarğılıqda quruyub qalmış, ney kimi sızlamayan qarğıların od tutub alovlanmasını canlandırarkən Mövləvi deyir: “Dərdsizliyin dərmanı oddur”. Beləliklə “hər bir qarğı öz məzarı üstə şam kimi yanır”.
Nəsimi olmasaydı mədəniyyətimizə ömür boyu heyifsilənərdim. Nəsimi, gündoğar (İşraqilər) sülaləsinin dilimizdə dillənən son elçisi adına, bu təcrübəni bütün ayrıntıları, bütün insani özəllikləri ilə bizim üçün canlandırırdı. Bilirəm sufizm söyləmini (discourse) Nəsimidə bitirdiyim üçün kəskin qınaq qılınclarına amac ola bilərəm. Deyəcəklər bəs Füzuli? Məncə Nəsimi ilə muqayisədə Füzulinin statusu bam-başqadır. Söylədiyim yanğı baxımından, Füzuli dildə yüksəliş mərhələmizin zirvəsidirsə, irfanda enişimizin başlanğıcıdır. Xətai də belədir. Bu eniş Seyid Əzim Şirvanidən öncə Molla Pənah Vaqifdə bitkinliyinə çatır, sonrakı şeirlər isə ya şeir deyil, yamsılamadır, ya da o gələnəyin davamı deyil, başqa dünyaya aiddir: Ya siyasətin bar-bar bağıran dünyasına; Bəxtiyar budur. Ya da öznənin (subyektin) öldüyü dünyaya. Şaşqın, çaşqın, parçalanmış, nisgilli və öləzi öznənin mərkəzsizləşdirilmiş dünyası; Şəhriyar budur. Şəmsə dönək.
***
Onüçüncü yüzillikdə itkin düşmüş Təbrizli Şəmsin məqbərəsi Xoy şəhərində tapılıb. Bu xəbər hələlik dəqiq doğrulmasa da ilkin sınaqlar tapılan cənazənin Şəmsə aid olduğunu göstərir. Təbrizin qızılçıları, daxili dünyaları çalxalayan uca boylu Şəmsə deyirdilər: “Ey təvil (uzundraz)! Get, getməsən yamanlarıq!” Şəms deyirdi: “Həqiqətlərin hamısını hayqırsam, bütün insanlar məni şəhərdən qovarlar!”
Şəmsin sümüklərinin tapılması sevindirici haldır. Yaranışın ilk günü Tanrı önündə yoğrulmuş insan gövhərini bu sümüklərdən qoxlamaq olar. Bu, dünyanın ən itkin, dəli, çılğın və güclü ruhlarının birinin izidir. Bu izlə biz çağdaş dünyanın nahaq yerə unutduğu sirrli ölkənin darvazasına, ruhun qovuşağına gedib çıxarıq. Mənim üçün təsəvvüf tarixində Şəms böyüklükdə insan gözə çarpmır, Mövlana kimi böyük bir ehkamçı alimi minbərdə rəqsə qaldıran Şəmslə muqayisədə, kimsənin adını çəkməkdən üşünürəm, İbn Ərəbi və Nəsimidən başqa.
***
Şəmsin “Məqalat” başlıqlı əsərindəki aydınlıq, anlaşılmazlıq, yanğı və yəqin, dinləyicinin anlayış yurdunda deprəm yaradır. Duru-dadlı duyğular, geniş toxtaqlıqlarla sonuclanan tam anlamında bir deprəm. Çağdaş dünyanın heç bir humanist düşüncəsində bu qədər insan özəyinə və insan özəlliyinə yaxınlaşmaq olmur. Bütün lovğalıqları Gündoğar alovunda qovrulmuş insanın “insana sevgisi”. Bu sevginin bunca yandırıb-yaxıcı hənirtisini nə “Avgustın”də görürük, nə də qızdırma içində tanrıya sarılmış ” Con Don”da.
Avropanın, ağıl yollarından burulub intuitiv düzənliyə hər dəfə ayaq basması, ya romantik alınır, ya da Kafkanın dərin ruh küskünlüyünə gətirib çıxarır. Ağılı yürütməyi bacarmayan Şərq isə İşraq fəlsəfəsinə hər dönüşündə öz mahiyətinə qovuşur. Görünməzləri görür. Şühud (intiusiya) budur. Varlığın qara örtüyünü ataraq gizlinləri görmək, ürəklərə sızmaq Gündoğar ölkəsinə aid bəsirətdən gəlir. Elə buna görə də, Şərqin Həllac, Sührəvərdi, Şəms və Nəsimi kimi dəliləri olmasaydı, yerdə alınyazısına inamdan başqa nə qalardi: cəbr düşüncəsinin küllüyü. Alınyazısının düzənliyində çalıqlayan bu barama qurdunun ruhundan Nəsimi kəpənəyi baş qaldırıb uçmasaydı, yerdə ancaq ölüm qalardı. Küzəsində su olduğunu unutmuş susuz yolçunun gülünc ölümü. Nabokov deyir: “Kafka, uçmağa qanadı olduğunu unutdu”. Şəms unutmadı.
***
Qaqaşların sözü olmasın, Mövləvi bütünlüklə postmoderndir (Axı bu qaqaşlar hər bir zibili dolu ağızla postmodern adlandırırlar). Modernin anlamı “tam indi”dirsə, Mövləvi sonradır, Şəms ondan da sonra! Bunun bir nədəni Mövləvinin olaylara hermenotik baxışında yatır: “Can kimi o sənəmə vuruldum, əsiri oldum; dev deyildim, gözlərdən itdim; qar idim əridim, yer məni somurdu; tam yaxılıb ürək tüstüsünə çevrildim, göylərə qalxdım; ruhlardan deyildim, canlardan çəkinən birisi idim; can candan necə keçər ki, cana çevrildikdə daha çəkinmək nə deməkdir. Canla cahan sənin sevgin üzündən əlimdən getdi; daha nə edirəm bu cahanda, bu cahandan qoyub getdikdə.”Mövləvinin postmodern olduğunun başqa nədənini həqiqətin parça-parça olmasına inamında axtarmalıyıq. Deyir: “Həqiqətin bütöv güzgüsü əzəl günündə insan əlindən sürüşüb sınmışdı, mələklərin insana nifrət etdiyi gün, Tanrı insanı yoğurmaqdan çəkindi. Vücud ərəsatında Tanrı önündə utancaq dayanmış bu ikiayaqli varlığa vəhy gəldi: sən özün özünü gəlişdirməlisən. “Existe!”, özünü özündən bayıra tulla! Ekzistensiyalizmin inandığı bu anlayış köhnə sözdür, insan yaranışının ilk günləri qədər əski. Bu azadlığın bədəli kəskin həqiqətlərin insan əlindən alınması idi, ölüm anlaşılmazlığı. Həqiqət güzgüsü düşüb sındı, insanın güzgü qırıqları ardınca axtarışları isə mədəniyyətləri, uyğarlıqları yaratdı. İndi o qırıqların hərəsi bir nəfərin əlindədir. İndi biz insanlar irili-xırdalı qırıqları bir-birinə yaxınlaşdıraraq həqiqətin ümumi görüntüsünü yaradırıq: işığı hara gəldi əyri-əksik əks etdirən sınıq görünüş. Yaxşı, bəs postmodern düşüncə bundan artıq daha nə istəyir?***Sədi makyavellizmi məsləhətli yalanlar donunda savunduğu bir çağda, Şəms bütün örtükləri yırtdı. Heç kimin hər nəyi deməyə cəsarəti çatmadığı bir çağda, deməməliləri demək istəyirdi: “Hələ ki bizdə demək bacarığı yoxdur, təki dinləmək bacarığı olaydı. Bütünü demək və bütünü eşitmək gərəkir. Ürəklər qapalı; qulaqlar qapalı”.Şəms ikiüzlü və zühd satan bir toplumda bir ömrün namazını bircə “Ah” ilə dəyişir. “Soruşdu: namaz qıldılar? Dedi: əvət. Dedi: ah. Dedi: o ahı mənə ver, ömür boyu qıldığım namazları sənə bağışlayım!”12-ci yüzilliyin ümumi ab-havası Sədinin dedikləridirsə, demək Şəms bütün zəmanə ilə qarşı-qarşıya dayanır. Qovulur. Bu qovulmuşluqda ağıllı bir dəlilik, çılğın bir əsirlik var. Elə bir əsirlik ki, fiqhi məsələlərlə uğraşan samballı fəqih Cəlaləddin Ruminin sümüklərinə düşür: səma rəqsi, özündən getmək, baş sarığını açmaq. Bu insan gözələrinin (hüceyrələrinin) harmonik rəqsi deyilmi?“Şeyx dedi: Xəlifə səma rəqsi etməyi yasaqlayıb! Dərvişin ürəyində düyün oldu, üzgün düşdü. Təcrübəli təbib gətirdilər. Qan damarını yoxladı. Öyrəndiyi xəstəlikləri, (tanıdığı) səbəbləri bunda görmədi. Dərviş dünyadan köçdü. Təbib onun qəbrini açdırıb, köksünü yardi. Düyünü çıxardı. Əqiqə dönmüşdü. Ehtiyac vaxtı onu satdı. Əldən-ələ gəzdi, xəlifənin əlinə çatdı. Xəlifə onu qaş kimi üzüyünə saldı. Həmin üzüklə bir gün səma rəqsinə baxdı. Üzüyü sığalladı, qaş əriyib tökülmüşdü. Əqiq satıcılarını bir-bir çağırtdırdı, növbə gəlib təbibə çatdı. Təbib, olub keçənləri söylədi.”***
Deməyi qolay olsa da, belə bir qarşıdurmanın dəhşətli sonucunu, öncə Sührəvərdi sınamışdı. Nəsimi də sonralar daha qabarıqcasına sınayacaqdı: təpədən dırnağa qədər soyulmaqla. Şəmsin alınyazısı bunlardan daha ürək açan deyildi. Qəbirsiz, bəlirsiz, itkin Şəms, görən hansı pusquda Mövlana yanlısı axmaq möminlərin qəzəbinə gəldi? Kütlənin yanlış inamına dirənməyin qarşılığı ən yaxşı halda izsiz ölümdür. Axmaqlığın gücü tükənməzdir.
Şərhlər(0)
213 oxunma
Publisistika
